“Azərbaycan-Ukrayna hərbi əməkdaşlığı müzakirə edilə bilər” - Elxan Şahinoğlu

13:48 29.08.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Rəsmi Bakı Kremli xəbərdar etmişdi ki, Rusiya növbəti dəfə də SOCAR-ın Ukraynadakı yanacaq mərkəzlərinə zərbə endirsə, Azərbaycan Ukraynaya silah və hərbi texnika yardımına qoyduğu embarqonu ortadan qaldıra bilər. Kremlin rəsmi Bakının xəbərdarlığını nəzərə almayaraq SOCAR-ın yanacaq mərkəzinə yenə zərbə endirmək qərarını veribsə, belə olan halda Azərbaycan Ukrayna ilə hərbi sahədə də əməkdaşlıq mövzusunu müzakirəyə çıxara bilər”.

Bunu hafta.az-a politoloq Elxan Şahinoğlu Rusiyanın Azərbaycanla münasibətlərinin getdikcə sərinləşməsinə aparan nüanslarla bağlı açıqlamasında bildirib.



Politoloq qeyd edib ki, Rusiya Azərbaycan Dövlət Neft Şirkətinin Ukraynadakı yanacaq mərkəzlərini qəsdən hədəf seçib:

"Kreml Azərbaycanla Ukrayna arasında enerji əməkdaşlığından narahatdır, bunu əngəlləməyə çalışır. Ancaq SOCAR-ın Ukraynadakı yanacaq mərkəzlərinin hədəf alınmasının Kreml üçün əks-effekti olacaq. Azərbaycan Kremlin bu şantajı qarşılığında Ukrayna ilə bütün sahələrdə əməkdaşlığı inkişaf etdirəcək. Təsadüfi deyil ki, Rusiya Odessada SOCAR-ın yanacaq mərkəzini birinci dəfə raketlə vurduqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenski ilə telefonla danışaraq Ukraynaya əlavə olaraq 2 milyon dollar yardım ayırdığını bildirdi. Bu vəsait hesabına Azərbaycandan Ukraynaya elektrik trasformatorları göndərildi”.

Ekspert vurğulayıb ki, Rusiyanın SOCAR-ın Ukraynadakı yanacaq mərkəzlərinə vurduğu raket zərbələri Azərbaycanla münasibətlərin normallaşması imkanlarını heçə endirir, tam əksinə, gərginlik daha da artır. Onun sözlərinə görə, bu da Kremlin Azərbaycanla münasibətlərin normallaşmasında maraqlı olmadığını təsdiqləyir.